Stolüstü tennis üzrə seçmə komandanın üzvləri “İdman ustası” adına layiq görülüblər

Stolüstü tennisçilərimizin həm ölkədaxili, həm də, beynəlxalq yarışlardakı uğurlu çıxışları diqqətdən kənarda qalmır. Bu gün seçmə komandanın daha iki üzvünə “İdman ustası” dərəcəsi təqdim olunub. Gənclər və idman nazirliyinin təşkil etdiyi tədbirdə stolüstü tennisçilər Adil Əhmədzadə və Mərziyyə Nurmətova da bu ada layiq görülüb. Qeyd edək ki, hər iki idmançı Azərbaycan çempionu və dəfələrlə beynəlxalq yarışların qalib və mükafatçılarıdır.
AGİN-in ənənəvi tədbirinə mart ayında Türkiyədə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan seçmə komandamızın üzvləri də dəvət olunublar. Xatırladaq ki, həmin yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 2 gümüş, 7 bürünc medal qazanmışdılar.

Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. O, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun aprelin 8-dən 15-dək Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edəcək. Təlim-məşq toplanışına dünya səviyyəli çinli məşqçilər - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edəcək. İstedadlı idmançı ardınca 17-20 aprel tarixlərində Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.

Stolüstü tennis üzrə ölkə çempionları müəyyənləşib

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub. Aprelin 5-də “Şüa” idman kompleksində start verilən yarışın son günündə 3 növdə qalib və mükafatçılar müəyyənləşib.
Qadınların şəxsi yarışında Mərziyyə Nurmətova çempion olub. O, finalda Aylin Əsgərovaya qalib gəlib. Ləman Abdulhəmidova ilə Yağmur Məmmədli 3-cü yeri tutub.
Kişilərin final görüşündə Nihad Məmmədovu məğlub edən Hilal Həsənov çempion adına layiq görülüb. Xəyal Həşimli ilə Vəzir Allahverdiyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qadınların qoşa yarışında Ləman Abdulhəmidova ilə Zemfira Mikayılova qələbə qazanıb. Onlar finalda Mərziyyə Nurmətova – Arzu Aslanova tandemini üstələyiblər. Məryəm İmanova - Xədicə Əbilzadə və Yağmur Məmmədli – Xədicə Eylazova cütü üçüncü pillədə qərarlaşıb.
Kişilərin qoşa mübarizəsi Hilal Həsənovla Rüstəm Hacılının qələbəsi ilə nəticələnib. Nihad Məmmədovla Vəzir Allahverdiyev gümüş, Əliverdi Şahgəldiyevlə Adil Əhmədzadə, Tunar Bağırovla isə Şakir Qədirov bürünc medala layiq görülüb.
Qarışıq qoşa yarışlarından Nihad Məmmədov – Ləman Abdulhəmidova tandemi qalib ayrılıb.
Əliverdi Şahgəldiyevlə Mərziyyə Nurmətova ikinci, Rüstəm Hacılı ilə Aylin Əsgərova və Adil Əhmədzadə ilə Məryəm İmanova üçüncü yeri tutub.
Xatırladaq ki, çempionatın ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.
Həmçinin, mart ayında Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan seçmə komandamızın üzvləri də ASTF tərəfindən mükafatlandırılıb.

Stolüstü tennis üzrə ölkə çempionatına start verilib

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatında mübarizə başlanıb. “Şüa” idman kompleksində keçirilən yarışa
respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıblar. Seçmə komandamız bu məqsədlə Türkiyənin paytaxtı Ankaraya yollanıb. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova bu gündən aprelin 1-dək toplanışda olacaq. Hazırlıq prosesi Türkiyə seçmə komandası ilə birgə keçiriləcək. Qeyd edək ki, daha bir stolüstü tennisçimiz Onur Quluzadə hazırda Çin Xalq Respublikasında təlim-məşq toplanışındadır.

Onur Quluzadə Çinə yollanıb

Stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. Seçmə komandamız may ayında Buxarestdə təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız məsul yarışa hazırlığı davam etdirirlər. Seçmə komandamızın üzvləri qitə birinciliyinədək bir neçə beynəlxalq turnirlə yanaşı təlim-məşq toplanışlarına da qatılacaqlar. Onlardan biri – Onur Quluzadə bu məqsədlə Çinə yollanıb. İstedadlı idmançı aprelin 1-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında toplanışda olacaq. Qeyd edək ki, Onur Quluzadə, həmçinin komandamızın digər üzvləri bundan əvvəl də Çin Xalq Respublikasının məşhur stolüstü tennis bazalarında hazırlıq keçiblər.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda 10 medal qazanıblar

Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən beynəlxalq yarışda etimadı layiqincə doğruldublar. Seçmə komandamızın üzvləri Nevşehirdə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar. İlk olaraq U-13 komandamızın 2-ci, U-15 komandamızın isə 3-cü yer tutduğu haqda məlumat vermişik. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər. Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb.
Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.
Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yeri tutub.
Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Beləliklə komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.

Stolüstü tennisçilərin növbəti uğuru

İlə yüksək nəticələrlə başlayan stolüstü tennisçilərimiz növbəti uğura imza atıblar. Seçmə komandamızın üzvləri bu dəfə Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası” yarışında etimadı doğruldublar. Nevşehirdə təşkil olunan turnirin komanda yarışlarında məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallıdan ibarət kollektiv 13 yaşadək idmançılar arasında ikinci yeri tutub. Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazovadan ibarət komanda isə 15 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb. Mükafatları Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Oktay Çimen və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova təqdim edib. Hər iki yaş qrupunda final görüşləri isə beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasovaya həvalə olunub. İdmançılarımız martın 17-də yekun vurulacaq yarışın son günlərində şəxsi mübarizədə bacarıqlarını göstərəcəklər.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası