Stolüstü tennisçilərimiz Fransaya yollanıblar

2023 08 17
Stolüstü tennisçilərimiz avqust ayında növbəti beynəlxalq yarışlara qatılacaqlar. İstedadlı idmançılar Yağmur Məmmədli ilə Onur Quluzadə əvvəlcə 19-24 avqust tarixlərində Fransanın Strasburq şəhərində təşkil olunacaq “EUROTALENTS DEVELOPMENT CAMP 2 U-13” toplanışı çərçivəsində keçiriləcək turnirdə mübarizə aparacaq. Stolüstü tennisçilərimiz bu toplanışın ardınca avqustun 25-27-də 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında “Euro Mini Champ” yarışında bacarıqlarını göstərəcəklər. İdmançılarımız bu gün seçmə komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Fransaya yola düşüblər.

Stolüstü tennisçilərimizin Çin toplanışı davam edir


Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova Çin Xalq Respublikasının Hebey əyalətinin Jenqdinq şəhərində hazırlığı davam etdirir. Onlar avqustun 4-dən etibarən sentyabrın 10-dək məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışındadırlar. “Zhengdig National Table tennis Center”də keçirilən toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır. Məşqçi Səbinə Əzizlinin sözlərinə görə toplanış yüksək səviyyədə keçirilir: “ Budəfəki hazırlıq prosesində bizim idmançılarla yanaşı Filippin, Rusiya və Kolumbiya stolüstü tennisçiləri də iştirak edirlər. Onlar daha çox fiziki hazırlıqları ilə diqqət çəkirlər. İdmançılarımız üçün uyğunlaşma prosesi uzun sürmədi. Demək olar ki, bir həftədən sonra onlarla ayaqlaşa bildilər. İndi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirilər. Gündə hərəsi 3 saat olmaqla iki dəfə məşq edirlər. Bu cür toplanışlar stolüstü tennisçilərimizin ustalığının artırılması baxımından çox əhəmiyyətlidir”.
Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

Stolüstü tennisçilərimiz Çinə yollanıblar

 2023 08 03

Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çin Xalq Respublikasının Hebei şəhərinə yola düşüb. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Sabah başlanacaq toplanışa sentyabrın 10-da yekun vurulacaq.
Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

Stolüstü tennisçilərimiz Universiadaya yollanırlar

2023 07 23
İyulun 28-də Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadasına start veriləcək. 110 ölkənin qatılacağı yarışda Azərbaycan 88 idmançı ilə təmsil olunacaq. Onlardan 8-i stolüstü tennisçidir. Çendu sınaqlarında Fərhad İsmayılov və Könül Mikayılovanın rəhbərliyi ilə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Aliyə Haşımova, Nihad Məmmədov, İbrahim Ansari, Kənan Pənahov və Fəxri Abdullayev bacarığını göstərəcək. Komandamız bu gecə Çinə yollanacaq. Universiadaya avqustun 8-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Avropanın ilk səkkizliyində

2023 07 22
İstedadlı idmançımız Mərziyyə Nurmətova yeniyetmə və gənc stolüstü tennisçilərin Polşanin Qlivitse şəhərində keçirilən Avropa birinciliyində ilk səkkizlikdə yer alıb. 15 yaşlı idmançı yarışın 1/32 final mərhələsində Niderland təmsilçisinə 4:3, 1/16 finalda Yunanıstan idmancısına 4:2, 1/8 finalda ukraynalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. 1/4 finalda İspaniya idmançısına 1:4 hesabi ilə uduzan Mərziyyə Nurmətova qitə birinciliyini ilk səkkizlikdə başa vurub. Qeyd edək ki, bu, müstəqillik dönəmində azərbaycanlı stolüstü tennisçilərin Avropa birinciliyində göstəridiyi ən yaxşı nəticədir.

Seçmə komandamız Avropa çempionatında mübarizəyə qatılır

 2023 07 14

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz bu gün Polşanın Qliviçe şəhərində başlanan Avropa çempionatında mübarizə aparacaqlar. Gənclərin yarışında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova etimadı doğrultmağa çalışacaq.
Yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova qitə sınaqlarında bacarığını göstərəcək.
Qeyd edək ki, seçmə komandamızın üzvləri məsul yarışa Çexiyada hazırlıq keçiblər. İdmançılarımız məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə iyulun 3-dən 13-dək sözügedən ölkənin Havirov şəhərində təlim-məşq toplanışında olublar.

Seçmə komandamız Çində hazırlıq keçəcək

Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. U-13 milli komandası avqust ayında Fransanın Strasbur şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız sözügedən yarışa hazırlığın növbəti mərhələsini ölkə xaricində keçəcəklər. Komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasının Şanxay şəhərinə yola düşüblər. İyulun 4-dən avqustun 15-dək keçiriləcək təlim-məşq toplanışında məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə iştirak edəcək.

2023 07 04

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz iyulun 14-də Polşanın Qliviçe şəhərində başlanacaq Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamızın üzvləri məsul yarışa hazırlığı Çexiyada davam etdirəcək. İdmançılarımız bu məqsədlə sözügedən ölkənin Havirov şəhərinə yola düşüblər. İyulun 13-dək keçiriləcək təlim məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcək.
Komandamız Havirova seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə yollanıb.

2023 07 03

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası